10 iyul 2023-cü il tarixində Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib.

ENEZARET Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində MG Consulting MMC tərəfindən həyata keçirilən layihədir.

ENEZARET Platforması vətəndaşlardan onları narahat edən infrastruktur və abadlıqla əlaqədar müxtəlif problemlərlə bağlı müraciətləri qəbul edir və aidiyyəti dövlət qurumlarına yönəldərək onların həllinə nail olur. 2 illik fəaliyyətin yekunlarına görə problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən tədbirdə ENEZARET Platformasının 2 illik fəaliyyətinin yekunlarına dair qısa təqdimat edilib. Təqdimatda Platformaya daxil olan müraciətlərin regional əhatə dairəsinin genişlənməsi və regionlardan daxil olan müraciətlərin sayındakı artım xüsusilə vurğulanıb.

Müvafiq hesabat dövrü ərzində 31 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında və bu müraciətlərdə qeyd olunan problemlərin həllində Platforma ilə əməkdaşlıq edib. 2 illik fəaliyyətin yekunlarına görə 3 qurum (“Azərsu” ASC, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi) ən fəal dövlət qurumu qismində və digər qurumlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti, Nərimanov rayon İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Qaradağ rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Naxçıvan şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər İcra Hakimiyyəti, Biləsuvar rayon İcra Hakimiyyəti) isə səmərəli əməkdaşlığa görə təltif olunub.

Eyni zamanda səmərəli əməkdaşliğa görə QHT TV & QHT.az, Qanuna Zidd internet saytı, platformaya verdiyi dəstəyə görə Namiq Əliyev, platformanın 2 ili ərzində göndərdiyi müraciətlərin sayına görə Murad Əhəd mükafatlandırılıbdır.

Tədbirdə, bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-6” müsabiqəsinin nəticələri elan olunub və qaliblər (Kamil Qasımov, Cavad Salmanlı və Rəcəb Əliyev) mükafatlandırılıb.