Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına dair dəyirmi masa

Bugün Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (sentyabr-noyabr ayları üzrə) yekunlarına dair dəyirmi masa keçirilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr-noyabr ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.

Rübün nəticələrinə görə 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, Azərbaycan Respublikası DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimmiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon İcra Hakimiyyəti aiddir.

Digər 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib (“Azərişıq” ASC, Aərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Masallı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Reklam Agentliyinə, Səbail rayon İcra Hakimiyyəti).

Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təşviqində göstərdiyi fəallığa görə Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə və www.qht.az saytının həmçinin “QHT” TV-in rəhbəri Cəsarət Hüseynzadə təltif olunmuşdur.

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş – 4” müsabiqəsinin qalibləri də (Eldəniz Mehrəliyev, Cavad Salmanlı və Səid Hüseynzadə) təltif edilib.