ADRA Enəzarət platformasının 1 illik fəaliyyətinə həsr olunmuş tədbirdə mükafatlandırılıb

İyunun 16-da Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) “E-nəzarət platformasının 1 illik fəaliyyəti” adlı tədbir keçirib. Dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada mart – may 2022-ci il aylarında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti, bir illik fəaliyyəti və digər məsələlər müzakirə edilib. Tədbirdə çıxış edən Millət vəkili Fatma Yıldırım, USAİD-in ölkə direktoru Jaidev Sinqx, Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və e-nezarət platformasının rəhbəri Məhəmməd Quluzadə öz növbəsində platforma ilə sıx əməkdaşlıq edən dövlət qurumlarını təşəkkürünü bildirib və platformanın 1 yaşı münasibəti ilə təbriklərini çatdırıblar. Bildirilib ki, onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Bir ilin nəticələrinə görə təxminən 70% müraciətlər öz həllini tapmışdır. Platformanın 1 il ərzində qeydə aldığı müraciətlərin sayı 845 olmuşdur. Dördüncü rübün nəticələrinə görə 15 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilmiş və onlara müvafiq təltiflər təqdim olunmuşdur. Təltif olunanlar arasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də var.

E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.